Perunun daha bir eks-prezidenti haqda məhkəmə qərarı çıxarılıb

Peru məhkəməsi “Odebrecht” işi üzrə ölkənin daha bir eks-prezidenti – Pablo Kuçinski haqda həbs qəti imkan tədbiri seçib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə məhkəməsinin Twitter səhifəsində məlumat verilib.

Məhkəmənin qərarında deyilir: “Məhkəmə eks-prezident Pablo Kuçinskini cinayətkar təşkilatlarla işbirliyində ittiham edərək onun barəsində 36 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb”.

Hal-hazırda Kuçinski ürəyində yaranmış problemlər səbəbindən xəstəxanadadır. ABŞ məhkəməsindən əldə olunan məlumata görə, Braziliya tikinti şirkəti olan “Odebrecht” 2001-2016-cı illərdə xarici siyasətçilərə və hakimiyyət nümayəndələrinə 439 milyon dollar rüşvət verməklə Argentina, Dominikan Respublikası, Ekvador,Qvatemala,Meksika, Panama, Peru və Venesuela dövlətlərində sərfəli müqavilələr imzalamağa nail olmuşlar.

2018-ci ilin martında Peru konqresi Kuçinskini “Odebrecht” işi üzrə 4,8 milyon dollar rüşvət almaqda ittiham edərək istefaya getməyə məcbur etmişdi.

Qeyd edək ki, adı çəkilən iş üzrə ittiham olunan Perunun digər eks-prezidenti Alan Qarsiya aprelin 14-də polislərin məhkəmə orderi ilə onu həbs etməyə gəldiyini eşidərkən intihar edib. İntihardan əvvəl yazdığı son məktubunda Qarsiya ittihamların saxtalığını və xalqa ləyaqətlə xidmət etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə