Şengen vizasının alınması asanlaşıb

Avropa İttifaqı parlamenti Avropa Komissiyasının yaxşı viza tarixçəsinə malik turistlərin şengen vizası alması qaydalarının dəyişdirilməsi üzrə təklifini qəbul edib. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi portalında yerləşdirilib. “Viza proseduraları daha asan olacaq. Bundan sonra turistlər planlaşdırılmış səfərdən maksimum 6 ay öncə viza üçün müraciət edə biləcək (hazırda bu müddət 3 aydır). Əksər hallarda bunu yaşadıqları ölkədən etmələri mümkün olacaq. Mümkün olan yerlərdə viza üçün elektron formada müraciət edilə biləcək”, - məlumatda belə deyilir.

Çox istifadəli vizalar bundan sonra yaxşı viza tarixinə malik turistlər üçün daha uzun müddətə - 1 ildən 5 ilə qədər veriləcək. Yeni qaydalara görə, viza rejiminin asanlaşdırılması barədə sazişin imzalandığı ölkələrin vətəndaşları həmin sənəd üçün 40 avro ödəməli olacaq.

Dəyişikliklərin 6 aydan sonra qüvvəyə minəcəyi bildirilir.

Hazırda turizm sektoru Avropa İttifaqının iqtisadiyyatında mühüm yer tutur və ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Avropa Komissiyasında hesab edirlər ki, uzun və mürəkkəb viza proseduraları bu sektorun inkişafına mane olur və iqtisadiyyata neqativ təsir göstərir.

Qeyd edək ki, Şengen ölkələrinin konsulluq müəssisələri 2018-ci ildə 16 milyon müraciəti nəzərdən keçirərək 14,3 milyon viza verib. Vizanı ümumilikdə 105 dövlətin vətəndaşları ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...