Rusiya və Estoniya prezidentlərinin 11 ildən sonra ilk görüşü

Estoniya prezidenti Kersti Kalyulayd Rusiya prezidenti Vladimir Putinlə Moskvadakı görüşünü yksək qiymətləndirib.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xanım Kalyulayd bu gün Moskvaya işgüzar səfərə gəlib. Bu Estoniya prezidentinin son 8 ildə Rusiyaya ilk səfəridir.

Kalyulayd ölkəsinin Moskvadakı səfirliyinin yerləşdiyi tarixi binanın təmir-bərpa işlərindən sonrakı açılışında iştirak edib və Putinlə görüşüb.

Xanım prezident daha sonra görüşlə bağlı fikirlərini bildirib: “Bu çox gözəl bir görüş idi. Çətin mövzularda müzakirələr apardıq, lakin ən ağır anlarda belə qarşılıqlı hörmət göstərdik”.

Kalyulayd daha sonra Rusiya prezidentini 2020-ci ilin iyununda Estoniyanın Tartu şəhərində keçiriləcək fin-uqor xalqlarının ümumdünya konqresinə dəvət etdiyini bildirib.

Görüşdə ikitərəfli mnasibətlər, Ukrayna məsələsi və dünyadakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, sonuncu dəfə 8 il bundan əvvəl - 2011-ci ildə o vaxtkı Estonoya prezidenti Hendrik İlves Peterburqdakı Müqəddəs İohann kilsəsinin tədbirində iştirak etmək üçün Rusiyaya səfər etmişdi. Lakin o zaman Estoniya prezidenti rusiyalı həmkarı ilə görüşməmişdi.

Rusiya və Estoniya prezidentlərinin geniş formatlı son görüşü 2008-ci ildə Xantı-Mansiyskdə fin-uqor xalqlarının ümumdünya konqresində baş tutmuşdu. Həmin zaman isə Rusiya prezidenti vəzifəsini Dmitri Medvedyev tuturdu.

Bütün xəbərlər Facebook səhifəmizdə