Nyu-Yorkda analar şəhər administrasiyasını məhkəməyə veriblər

Nyu-York meri Bill de Blazio Bruklində qızılca yayılması səbəbindən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Nyu-York administrasiyasının sərəncamına görə, Bruklinin müəyyən rayonlarının vaksinləmə almayan hər bir sakini qızılcaya, epidemik parotitə və məxmərəyə qarşı məcburi surətdə peyvənd olunmalıdırlar. SİA Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu tələb əsasən ortodoksal yəhudilərin çoxluq təşkil etdikləri ərazilərə aiddir.

Sakinlərin çoxunun hakimiyyət orqanlarının bu fikri ilə razı olmamasına baxmayaraq, onlar yenə də öz uşaqlarına peyvənd etdiriblər. Beş qadın hakimiyyət orqanlarının bu tələbinə etiraz edərək, öz uşağını qızılcaya qarşı vaksinləmədən keçirməyib. Onlar Nyu-York şəhəri administrasiyasına qarşı qrup şəklində iddia qaldıraraq, bu xəstəliyin yayılmasının uşaqlar və böyüklər üçün xüsusi təhlükə yaratmadığını bəyan ediblər.

Qadınlar hesab edir ki, qızılcaya, epidemik parotitə və məxmərəyə qarşı peyvənd ciddi əks təsirlərə malikdir. Onların fikrincə, peyvəndləmə uşaqlar üçün qızılca epidemiyasının özündən daha çox təhlükə daşıyır. Bu səbəbdən vaksinləmənin əleyhdarları fövqəladə vəziyyətin tətbiq edilməsi barədə hakimiyyət orqanlarının sərəncamının qarşısını məhkəmə qaydasında almağı tələb edirlər. Qadınlar iddialarında, həmçinin bu qərarın onların dini azadlıqlarını pozmasından da şikayətlənirlər.

Bir çox ekspertlər məhkəmə işinin uğurlu olacağına şübhə edirlər. Çünki qızılca Bruklində çox sürətlə yayılır. Ötən ilin oktyabrında həkimlər bu xəstəliklə bağlı 329 yoluxma halı qeydə alıblar. Ekspertlər hesab edirlər ki, hakimiyyət orqanlarının qərarı düzgündür və yalnız qəti şəkildə müdaxilə epidemiyanın qarşısını almağa qadirdir. Sözügedən tələbə əsasən, fövqəladə rejimə aid edilən rayonların sakinləri məcburi şəkildə qızılca əleyhinə vaksinləmədən keçməlidirlər. Əks halda onları 1000 dollar həcmində cərimə gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə