Ukraynada prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca, namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko arasında reytinq fərqi azalır. SİA xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun aprelin 15-16-da telefonla apardığı sorğunun nəticələrinə görə, ikinci turda seçicilərin 50,6 faizi Zelenskiyə, 27,1 faizi isə Poroşenkoya səs verəcək. Seçicilərin 21,4 faizi namizədini hələ müəyyənləşdirməyib, 0,8 faizi isə seçkilərdə iştirakdan imtina edib.

Sosioloqlar qeyd ediblər ki, aprelin 6-16-da Zelenskiyə səs verənlər 50 faiz səviyyəsində qalıb. Lakin Poroşenkoya səs verənlər 22-dən 27 faizə qədər artıb. Bu göstərici aprelin 14-15-də 30 faizə qalxıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə