Lukaşenkonun böyük oğlu Milli Olimpiya Komitəsinə vitse-prezident təyin olunub

Belarus Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti səlahiyyətlərinin iraçısı vəzifəsinə ölkə prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu təyin olunub. Report-un məlumatına görə, prezidentin köməkçisi postunda da qalacaq Viktor Lukaşenko bu vəzifədə müvəqqəti və ictimai əsaslarla çalışacaq. Belarusda böyük beynəlxalq idman tədbirləri yekunlaşdıqdan sonra MOK-un Yığıncağında I vitse-prezident vəzifəsinə namizədliyə dair məsələ həllini tapacaq.

Ölkənin idman və turizm naziri Sergey Kovalçuk bildirib ki, Yığıncağın tarixi hələ müəyyənləşməyib. O, toplantının "Minsk-2019" II Avropa Oyunları və Avropa - ABŞ atletika matçından sonra təşkil olunacağına əminlik ifadə edib. Bu tədbirlər müvafiq olaraq, 21 - 30 iyunda və 9-10 sentyabrda keçiriləcək.

Qeyd edək ki, Belarus MOK-un prezidenti dövlət başçısı Aleksandr Lukaşenkodur. 44 yaşlı Viktor Lukaşenko ölkə rəhbərinin Qalina Lukaşenko ilə nikahından dünyaya gəlib. A.Lukaşenkonun 39 yaşlı Dmitri və 15 yaşlı Nikolay adlı oğulları da var. Dövlət başçısı məhz kiçik oğlunu özü ilə tez-tez rəsmi tədbirlərə, o cümlədən, xaricə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə