Özbəkistan Prezidenti Dubay əmiri ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində ölkənin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüşüb. Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, görüşdə tərəflər arasında ticarət-iqtisadi, innovasiya, sərmayə qoyuluşu, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Dubay əmiri bildirib ki, onun ölkəsi Özbəkistanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində, birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Şavkat Mirziyoyev birgə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib və qeyd edib ki, BƏƏ və Dubay Əmirliyi ilə dostluq əlaqələrini genişləndirmək əzmindədir.

Görüşdə ölkələr arasında bütün səviyyələrdə yeni əlaqələrin yaradılması, təcrübə mübadiləsinin aparılması istiqamətində də fikir mübadiləsi aparılıb. Danışıqların yekunu ilə bağlı birgə innovasiya şirkətlərinin, Səmərqənd şəhərinin müasir infrastrukturlarının yaradılması, müasir aqroklasterlərin təşkili ilə bağlı sənədlər imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə