Yeni zelandiyalı terrorçu hadisədən əvvəl hansı ölkədə olub?

Yeni Zelandiyada qətliam törətmiş terrorçu Brenton Tarrantın son aylarda iki dəfə Avstriyada səfərdə olduğu müəyyən edilib. SİA xəbər verir ki, Almaniyanın “t-online” portalı terrorçunun artıq silinmiş Facebook profili əsasında bu məlumatı yayıb. Silinmiş profildə terrorçunun Avstriyanın Vyana, Zaltsburq, İnnsbruk şəhərlərində və Karintiya əyalətində fotoları yer alıb.

Avstriyaya aid fotolarda terrorçunun özü əks olunmasa da, fotoların sosial şəbəkəyə yerləşdirildiyi dövrə aid Avropa səfərləri artıq təsdiqini tapıb. B.Tarrantın 2018-ci ilin payızında Bolqarıstan, Rumıniya və Macarıstanda səfərdə olduğu müəyyən edilib. 2016-cı ilin ikinci yarısında Serbiya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyaya səfər edən terrorçunun əsas diqqət mərkəzində tarixi döyüş meydanları dayanıb. Səlib yürüşlərinin heyranı olduğunu ifadə edən B.Tarrant Avropada Osmanlı İmperiyasına qarşı müqavimət göstərən tarixi məkanlara səfər edib. Onun qətliamda istifadə etdiyi silahlardan birinin üzərindəki “Vyana 1683” yazısı da həmin il baş tutan və uğursuzluqla nəticələnən II Vyana mühasirəsinə, “Ernst Rüdiqer von Ştarhemberq” yazısı həmin vaxt şəhərin müdafiəsinə rəhbərlik etmiş feldmarşala bir işarədir. Hər iki türk mühasirəsinə aid tarixi eksponatların qorunduğu Avstriya Hərb Tarixi Muzeyinin fotoları da terrorçunun maraq dairəsindən xəbər verir.

Avstriyanın Daxili İşlər Nazirliyi terrorçunun Avstriyada olduğuna dair məlumata malik olmadığını, bununla belə B.Tarrantın Avstriya ilə əlaqələrinin araşdırıldığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə