Suriyanın İraqla bağlı olan sərhədi açılır

İraq və Suriya sərhədində yerləşən nəzarət-buraxılış məntəqələri yaxın bir neçə gün ərzində açılacaq. Axar.az xəbər verir ki, bu barədə Dəməşq şəhərində səfərdə olan İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Osman əl-Qanmi deyib. “İraq və Suriya sərhədinin təhlükəsizliyi çox vacibdir. Sərhəddə təhlükəsizliyin təminatı İraq və Suriya ordularının vəzifəsidir. Yaxın günlərdə iki ölkə arasında sərhəd məntəqəsinin açılması ticarətin inkişafına səbəb olacaq. Biz, əsasən də İŞİD qruplaşması ilə mübarizə məsələsində Suriya ordusu ilə sıx əlaqədəyik”, - deyə general bildirib.

Martın 17-də Dəməşqə səfər edən Əl-Qanmi burada iranlı həmkarı Məhəmməd Hüseyn Baqiri və Suriyanın Müdafiə naziri Əli Abdullah Əyyubla danışıqlar aparıb.

Suriyanın Bu-Kamal və İraqın Əl-Kaim yaşayış məntəqələri arasında yerləşən nəzarət-buraxılış məntəqələri 2013-cü ildə həmin rayonda İŞİD qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatlar səbəbindən bağlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə