Yeni Zelandiyanın Baş naziri terror aktından danışdı

Məscidlərə hücum edən şəxsin silah gəzdirmək lisenziyası olub. O, beş növ odlu silaha malik olub. Mən sizə indi yalnız bunu deyə bilərəm ki, bizim silaha nəzarətlə bağlı qanunlar dəyişdirilməlidir. SİA “New Zealand Herald” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib. Baş nazir diqqətə çatdırıb ki, 2005-ci, 2012-ci və 2017-ci illərdə bu sahədə qanunvericiliyin dəyişdirilməsinə cəhdlər göstərilib. İndi isə artıq dəyişikliklərin vaxtı çatıb.

C.Ardern əlavə edib ki, məscidlərə hücuma görə üç nəfər saxlanılıb və onlardan biri Avstraliya vətəndaşıdır. Martın 16-da Kraystçörç məhkəməsi məscidə hücumda təqsirli bilinən 28 yaşlı Brenton Tarrantın aprelin 5-dək həbsdə saxlanması barədə qərar qəbul edib. O, qətllərin törədilməsində təqsirli bilinir. Saxlanılan şəxs bütün dünyanı gəzirmiş və bir neçə dəfə Yeni Zelandiyada da olub. Saxlanılanların heç biri nə Yeni Zelandiyada, nə də Avstraliyada kriminal keçmişə malik olmayıb.

B.Tarrantanın vəkili bildirib ki, girov müqabilində onun azadlığa buraxılması barədə müraciət olunmayacaq.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum olub. Nəticədə 50 nəfər öldürülüb, 48 nəfər isə xəstəxanalara yerləşdirilib. Baş nazir C.Ardern baş verən hadisəni terror aktı adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...