Yeni Zelandiyada terrorda ölən və yaralananların ailələri üçün ianə toplanıb

Yeni Zelandiyadakı terror hücumu zamanı ölən və yaralananların ailələri üçün “Give A Little” fondu tərəfindən 356 min Yeni Zelandiya dolları (243min ABŞ dolları) məbləğində ianə toplanıb.

“Dəhşətli atışmalar nəticəsində onlarla şəxs həlak olub, bir çoxu yaralanıb. Onlar bizim kömək və dəstəyimizə layiqdirlər! Toplanan bütün ianələr Kraystçörç şəhərində baş verən atışmalar zamanı zərərçəkənlərə və onların ailə üzvlərinə dəstək vermək üçün istifadə olunacaq”, - fondun rəsmi saytında bildirilib. İndiyədək 5500-dən artıq insanın ianə verdiyi də qeyd olunur.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çoxu ağır vəziyyətdədir. Hücumla əlaqəli olmaqda şübhəli bilinən 4 nəfər, o cümlədən Avstraliya vətəndaşı saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə