Rusiya XİN: "Bu, Qazaxıstanın daxili işidir"

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinin qazax təngəsindən rus dilində yazıların çıxarılmasına dair qərarına münasibət bildirib. SİA “Qovorit Moskva” radiostansiyasına istinadla xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə bu məsələnin Qazaxıstanın daxili işi olduğunu bəyan edib.

O vurğulayıb ki, Moskva bu respublikadakı rusdilli əhalinin hüquqları ilə bağlı Astana ilə mütəmadi əlaqə saxlayır. “Mövzu bizim ciddi nəzarətimiz altındadır, çünki XİN-in vəzifələrindən və funksiyalarından biri də təkcə Qazaxıstanda deyil, həmçinin rus dilini ana dili hesab edən insanların yaşadığı bütün məkanda bu məsələlərlə maraqlanmaqdır”.

Cümə günü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev milli valyuta sikkələri və əsginaslarının dəyişdirilməsi barədə Fərman imzalayıb. Bundan sonra onların üzərində rus dilində yazılar olmayacaq. Yalnız sərmayə məqsədi ilə buraxılan əsginasların və kolleksiya üçün nəzərdə tutulan sikkələrin üzərində rus dilindən istifadə olunmasına icazə veriləcək.

Qazaxıstan Konstitusiyasına görə, bu ölkədə rus dili rəsmi statusa malik olsa da, dövlət dili sayılmır və ondan dövlət təşkilatlarında istifadə etmək olar. Hökumət vətəndaşların qazax, ingilis və rus dillərini öyrənmələri üçün “üç dil” siyasətinə üstünlük verir.

Bütün xəbərlər Facebook səhifəmizdə