Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı ilkin proqnozlar açıqlanıb

Bu il may ayının sonunda Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı ilkin proqnozlar açıqlanıb. Avropa Parlamentinin yaydığı məlumata görə, hazırda Avropa Xalq Partiyası parlamentdə ən güclü siyasi qüvvə olaraq qalır. Brexitdən sonra nümayəndələrinin sayı azalacaq parlamentdə mühafizəkarlar 183 nəfərlə təmsil oluna bilərlər (hazırda isə 217 nəfər). Mühafizəkarlardan sonrakı yerləri sosial-demokratlar 135 mandatla (hazırda isə 187) və liberal ALDE 75 mandatla (hazırda 68) tuturlar.

Proqnoza görə, Avropa ölkələrində sağçı-radikal siyasi qrupların çəkisi artmaqdadır. Avstriya, Fransa, İtaliya və Niderland Krallığının sağçı siyasətçilərini öz ətrafında birləşdirən Avropa Millətlər və Azadlıq Fraksiyası seçkilərdə 59 mandat (hazırda 37) əldə edə bilər. Mühafizəkarlar və İslahatçılar fraksiyası 51 mandat (hazırda 75) və sağçı-populist Avropa Azadlıq və Birbaşa Demokratiya Fraksiyası 43 mandata (hazırda 41) sahib ola bilər.

İlkin proqnozlarda Yaşılların və solçuların seçkilərdə uğursuz iştirakı ehtimal olunur. Statistik göstəricilər hər iki fraksiyanın qarşıdakı seçkilərdə 46 mandatla kifayətlənməli olacağını vəd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə