Politoloq: "Rusiya Münhendə sıxışdırılır"

"Münhendə dünən işə başlayan Beynəlxalq Təhlükəsizlik Konfransında Rusiyanı yamanca sıxışdırıblar." Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Qərb ölkələrinin əksər təmsilçilərinin çıxışlarında beynəlxalq aləm üçün əsas təhlükələrdən biri kimi Rusiyanın siyasəti göstərilir:

“Təsadüfə bax ki, SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 ili tamam oldu. Moskvanın Əfqanıstanın daxili işlərinə qarışması avantürası SSRİ kimi imperiyanın çöküşünü sürətləndirən əsas səbəblərdən biri oldu. Dərs çıxarmadılar. SSRİ-nin yerini indi də Rusiya “tutmağa” çalışır, Gürcüstana və Ukraynaya müdaxilə, bütün perimetr boyu separatçılara dəstək, üstəgəl, başqa bir “yeniliyə” də əl atıblar: hədəf saydığı ölkələrdəki seçkilərə kiberhücumlar təşkil edirlər. Bu cür “yüklə” Münhenə gedən rusiyalı diplomatlar və politoloqlar hələ Qərbin tənqidlərini haqsız sayır”.

Qeyd edək ki, dünən 55-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Konfrans 17 fevrala qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə