Kaliforniyalı senator: "ABŞ prezidentliyinə namizəd olacam"

ABŞ-ın Kaliforniya ştatını Senatda təmsil edən demokrat Kamala Harris 2020-ci ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, Yamayka və Hindistan köçkünləri ailəsinin 54 yaşlı qızı olan K.Harris ədalət, bərabərlik, düzgünlük uğrunda mübarizə aparmaq niyyətində olduğunu, rəsmi olaraq seçki kampaniyasına başladığını yanvarın 27-də Oklandda bəyan edəcəyini deyib.

“Gəlin bunu bir yerdə edək. Özümüz, övladlarımız, ölkəmiz üçün gəlin gələcəyimizə dəyişiklik edək”, - deyən K.Harris Hovard Universitetinin Politologiya fakültəsini, sonra Hastinqs Kollecinin Hüquq fakültəsini bitirib. Doktorluq dərəcəsini əldə etdikdən sonra dairə prokuroru köməkçisi işləyib, 2011-ci ildə Kaliforniya ştatının Baş prokuroru təyin olunub. 2016-ci ildə Kaliforniyadan Senata seçilən ilk qaradərili qadın olan Harris Prezident Donald Trampın immiqrasiya siyasətini tənqid etməklə diqqətləri çəkib.

2020-ci il üçün namizədliyini irəli sürən və yaxud bunu etmək istədiyini açıqlayanlar arasında Nyu-York ştatından senator Kirsten Gillibrand, Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard, San Antonio şəhərinin sabiq meri Xulian Kastro da var.

Hazırkı dövlət başçısı D.Tramp artıq 2020-ci ildə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə