Britaniya parlamenti 29 yanvar səsverməsinə hazırlaşır

Britaniya parlamentində Brexitin yeni şərtləri üzrə səsvermə yanvarın 29-da keçiriləcək. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, hökumət parlamentin qəbul etmədiyi saziş layihəsinin əvəzinə yanvarın 21-də növbəti plan təqdim edəcək. Yeni plan yanvarın 29-da parlamentdə səsə qoyulacaq. Bu barədə icmalar palatasının rəhbəri Andrea Lids cümə axşamı günü parlamentarilər qarşısında çıxışı zamanı məlumat verib.

Hazırda “B planı”nın məzmunu barədə heç nə məlum deyil. Hökumət Avropa İttifaqından çıxmağın şərtləri barədə parlament fraksiyaları ilə məsləhətləşmələr aparır. Məsləhətləşmədən yalnız leyboristlər imtina ediblər. Onların fikrincə, Mey hökuməti ölkəni idarə etməyə və Britaniyanı Aİ-nin tərkibindən sərfəli şərtlərlə çıxarmağa qadir deyil.

Xatırladaq ki, Britaniya parlamentinin icmalar palatası yanvarın 15-də keçirilən səsvermədə Brexitin şərtləri barədə Aİ ilə razılaşmanı qəbul etməyib. Tarixi səsvermə zamanı 432 parlamentari ötən ilin noyabrında London və Brüsselin qəbul etdiyi sazişin əleyhinə çıxıb. Tereza Meyin qəbul olunmasında təkid etdiyi saziş layihəsini yalnız 202 deputat dəstəkləyib. Beləliklə, London hadisələrin inkişafının bur sıra mümkün ssenarilərinə, o cümlədən ölkənin Aİ-dən “sərt” şəkildə çıxmasına və bütövlükdə Brexitin ləğvinə yol açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə