Prezident maaşını fonda bağışlayacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili təşkil etdiyi mətbuat konfransında bütün maaşını yeni qurulacaq və Prezident aparatına bağlı olacaq fonda bağışlayacağını bildirib. SİA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Prezidentə bağlı olan "Ehtiyat Fondu"nun ləğv edildiyini deyən Zurabişvili öz təşəbbüsü ilə yeni bir fondun yaradılacağını qeyd edib.

Gürcüstan prezidenti çıxışında bildirib ki, xalqın sosial maddi vəziyyətini təmin etmək vacibdir: “Prezident bu cəhdlərin təşviq edilməsinin müdafiəçisi olmalıdır. Buna görə də öz adımdan və ictimaiyyətin nümayəndələrinin köməyi ilə bu fondun qurulmasına qərar verdik. İlk olaraq ora mən öz maaşımı göndərəcəyəm. Ümid edirəm ki, digərləri də məni təqib edəcək".

Gürcüstan ilə Rusiya arasındakı gərgin münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrinin yeniləməsi mövzusuna toxunan Zurabişvili, mövcud vəziyyətdə bu əlaqələrin yenidən qurulmasının mümkün olmadığını qeyd edib.

Qeyd edək ki, 2008-ci ildə Gürcüstan və Rusiya arasında Cənubi Osetiya müharibəsindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Gürcüstanda 28 noyabr 2018-ci ildə təşkil edilən prezident seçkisinin ikinci turunda hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,54 faizlə səs toplayaraq ölkənin tarixində ilk qadın prezident oldu. Salome Zurabişvilinin 16 dekabr 2018-ci ildə inauqurasiyası olub.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...