Ukraynaya dəstək üçün hərbi gəmi göndərildi

Böyük Britaniyanın “Echo” hərbi-kəşfiyyat gəmisi Qara dəniz akvatoriyasına daxil olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Bosfor boğazından gəmilərin keçməsini izləyən “Bosphorus Observer” portalı yazıb.

Bildirilir ki, hazırda Britaniyanın kəşfiyyat gəmisi Qara dənizin şimalına – Ukrayna sahillərinə doğru hərəkət edir. Gəminin Moskva ilə Kiyev arasındakı Kerç insidentindən sonra Ukraynaya dəstək nümayiş etdirmək məqsədilə Qara dənizə göndərildiyi istisna edilmir.

“Echo” kəşfiyyat gəmisi hərbi məlumatların əldə olunması və sualtı monitorinq aparmaq üçün exolatorlar və sensorlarla təchiz edilib. Gəmidə həmçinin, 4 ədəd iriçaplı pulemyot, “M134 Minigun” pulemyotları və 2 ədəd “Oerlikon” zenit topatıcıları yerləşdirilib.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib. Kerç insidentindən dərhal sonra Rusiya Krıma artıq dördüncü "S-400" raketdən müdafiə sistemini də yerləşdirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə