İŞİD-in uşaqlardan ibarət terrorçu dəstələri var imiş

Suriyanın müxtəlif bölgələrində yetkinlik yaşında olan uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb. SİA xəbər verir ki, Suriyanın Deyr-əz-Zor vilayətində İŞİD ilə Suriyanın demokratik müxalifəti adlanan qruplaşma arasında baş verən toqquşmadan sonra hadisə yerində çoxlu sayda əlisilahlı yeniyetmə meyiti tapılıb.

Müəyyən olunub ki, bu uşaqlar xaricdən Suriyaya İŞİD-ə yardım etməyə gələnlərin uşaqlarıdır. Suriyadakı müharibədə valideynlərini itirən uşaqlar terrorçu qruplaşmaların nəzərindən qaçmayıb. Valideynlərinin ölümündən sonra vətəndaşlığını və sənədlərini itirən uşaqlar yemək və cüzi miqdarda pul müqabilində asanlıqla terrorçuların əmrlərini yerinə yetirməyə başlayıblar.

İRNA agentliyinin məlumatına görə, Suriyanın Deyr-əz-Zor, Həcin və başqa bölgələrində silahlı uşaq dəstələri fəaliyyət göstərir.

Xatırladaq ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi 1 milyona yaxın suriyalının ölümünə, 10 milyona yaxın insanın isə müxtəlif ölkələrə qaçmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə