ABŞ iddiaları inkar edib - Fətullah Gülən verilməyəcək

ABŞ administrasiyası jurnalist Camal Kaşıkçının qətli ilə bağlı Türkiyə ilə Ər-Riyad arasında yaranan böhranı aradan qaldırmaq üçün Fətullah Güləni Ankaraya ekstradisiya etmək imkanlarını nəzərdən keçirdiyi barədə KİV-in iddialarını inkar edib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı Amerika mətbuatında yer alan məlumatları şərh edən Milli Təhlükəsizlik Şurasının nümayəndəsi belə ssenarilərin müzakirə edilmədiyini bildirib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert brifinqdə çıxış edərkən Vaşinqtonun ekstradisiya məsələsi ilə bağlı Türkiyə hökuməti tərəfindən verilən materialları nəzərdən keçirdiyini deyib. Ankara Fətullah Gülənin ekstradisiyası üçün Vaşinqtona bir neçə dəfə müraciət edib. Onun sözlərinə görə, belə məsələlərlə Ədliyyə Nazirliyi məşğul olur.

ABŞ-ın Ədliyyə Nazirliyi isə Fətullah Gülənin ekstradisiyası ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Xatırladaq ki, Ankara Fətullah Güləni 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə təqsirləndirir və onun ekstradisiyasında təkid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə