Açıqlandı: Çexiya Qlobal Miqrasiya Paktına qoşulmayacaq

Gözlənildiyi kimi, Çexiya hökuməti ölkənin BMT-nin Qlobal Miqrasiya Paktına qoşulmayacağını bəyan edib. AZƏRTAC xəbər verir ki, bunu ÇTK informasiya agentliyinə Baş nazir Andrey Babiş bildirib. O, ölkəsinin mövqeyini hələ ötən həftə Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçeklə birlikdə səsləndirib.

Çexiya Xarici İşlər Nazirliyinin məlumatında göstərilir ki, Çex Respublikası bu sənəddə bəzi prioritetlərin olmamasını, bundan əlavə, leqal və qeyri-leqal miqrasiya anlayışlarının düzgün müəyyənləşdirilməməsini, eləcə də qeyri-leqal miqrasiyanın arzuolunmaz hal kimi təqdim olunmamasını qəbul etmir.

BMT ”Tənzimlənən miqrasiya uğrunda dünya paktı”nı bu ilin dekabr ayının birinci yarısında Mərakeşdə keçiriləcək konfransda qəbul etməyi planlaşdırır. Çexiya Baş naziri əvvəllər də bildirdiyi kimi, sənəddəki ifadələrin birmənalı olmaması ilə razılaşmır. O deyib: “Yaşamaq və işləmək üçün kimi qəbul edəcəyimizi bizdən başqa heç kəs həll etməyəcək. Bu, bizim firmaların, bizim müxtəlif orqanların və bizim hökumətin işidir. Dəyişməyən budur ki, biz bir nəfər də olsun, qeyri-leqal miqrant qəbul etməyəcəyik. Təklif edilən sənəd xoşuma gəlmir. Onu müxtəlif cür interpretasiya etmək olar və bu da sui-istifadə hallarına yol açır”.

Çexiya diplomatiyasının başçısı Tomaş Petrşiçek də Baş nazirin mövqeyini dəstəkləyərək deyib: “Bu paktın müzakirə metodu və məzmunu barədə Çex Respublikası tərəfindən tam bir sıra iradlar söylənilib. Biz bildirmişik ki, qeyri-leqal miqrasiya problemini müəyyən edən daha dürüst ifadələrin işlənib hazırlanmasını gözləyirik. Bu yoxdur. Zənnimizcə, indiki məqamda pakta qoşulmaq səmərəli deyildir”.

Bütün xəbərlər Facebook səhifəmizdə