Çexiyada Baş nazirin oğlu atası haqqında şok faktlar açıqladı

Çexiya baş naziri Andrey Babişin eyni adlı oğlu bu gün ölkədə sensasiya yaradan açıqlama verib. Musavat.com xəbər verir ki, oğul Babiş 2017-ci ildə öz iradəsinin əksinə olaraq Krıma qaçırıldığını söyləyib. Onun söylədiyinə görə, bununla atasının korrupsiya cinayətləri ilə bağlı aparılan təhqiqat çərçivəsinə müstəntiqlər tərəfindən dindirilməsinin qarşısı alınıb.

Kiçik Babiş bildirib ki, atası Avropa Birliynindən özünün “Leylək yuvası” firması üçün 2 milyon avroluq subsidiyanın qeyri-qanuni olaraq alınması ətrafında yaranan qalmaqalın üstünü örtmək istəyib.

Həmin firma böyük Babişə aid “Agrofert” korporasiyasına daxildir. Subsidiya alındığı zaman firma süni olaraq korporasiyanın tərkibindən çıxarılıb. Lakin müvafiq maliyyə vəsaiti əldə edildikdən sonra onu yenidən geri qaytarıblar. Baş nazir isə həmin firmanın özünü birinci nikahından olan uşaqlarına aid olduğunu söyləyib.

Baş nazirin oğlu zorla Krıma aparılmasında atasına çalışan Protopopovlar ailəsini günahlandırıb. Onun sözlərinə görə, Pyotr Prototopov öncə onu Çexiyadan Moskvaya, daha sonra Krıma götürüb. Andrey Babiş zorla oğurlandığı barədə informasiyanı Çexiya polisinə ötürdükdən sonra Ukrayna vasitəsilə İsveçrəyə, anasının yanına gedə bilib.

Qeyd olunur ki, “Leylək yuvası” Çexiyada təhqiq olunan məşhur fırıldaq işlərdən sayılır. Belə ki, 2008-ci ildə Andrey Babiş 2008-ci ildə sonradan lüks mərkəzə çevirmək istədiyi qədim bir malikanə alır.

Rekonstruksiyanınn ümumi məbləği təxminən 350 milyon kron (14 milyon dollar) təşkil edir. Onun 50 milyonunu isə Babiş Avropa Birliyinin Çexiyada kiçik biznesin inkişafı üçün ayırdığı pulla alıb. Bunun üçün o, həmin firmanı korporasiyasından çıxarıb oğlunun adına bağlayıb.

Çexiya mətbuatı atasının hətta oğlunun ağzını yumması üçün psixiatrik xəstəxanaya saldırmaq istədiyindən bəhs edir. Özü də yuxarıda adı çəkilən Pyotr Protopopovun xanımı Dita Protopopova kiçik Babişin psixiatrı təyin olunubmuş. Çexiyanın Xristian-demokrat partiyasından olan deputat Marian Yureçka buna görə hökuməti istefa verməyə çağırıb. Müxalifət partiyalarının bu məqsədlə parlamentdə xüsusi iclasa toplanacağı bildirilir. Andrey Babişin koalisiya ortağı Sosial-demokrat partiyasının sədri, həm də ölkənin daxili işlər naziri Yan Qamaçek onunla xüsusi görüş keçirəcəyini söyləyib. Qamaçek bundan sonra baş nazirin ANO partiyası ilə koalisiyanın taleyini qeyri-müəyyən hesab edib.

Xatırladaq ki, Babiş Çexiyada Rusiya və Putin rejiminə yaxın siyasi fiqur sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə