Gürcüstanlı nazir əhalini qripə qarşı peyvənd olmağa çağırıb

Gürcüstanın səhiyyə naziri David Sergeyenko əhaliyə müraciət edərək onları qripə qarşı peyvənd olmağa çağırıb. Nazir bildirib ki, oktyabr peyvənd üçün ən əlverişli aydır.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın səhiyyə müəssisələrindən, xəstəxanalardan daxil olan məlumatlara görə, ölkədə hər il minlərlə insan qrip virusuna yoluxur və bundan əziyyət çəkir. Bu xəstəlik epidemiya halını almasa da, qripdən ölüm faktları da qeydə alınır.

Nazirlikdən bildiriblər ki, yaşlı insanlar, hamilə qadınlar, diabet xəstələri, 18 yaşadək uşaq və yeniyetmələr, səhiyyə sistemində çalışanlar, habelə dializ, hepatit C və HİV daşıyıcısı olan xəstələr pulsuz peyvənd olunacaqlar. Əhalinin digər qrupları üçün də bir gün pulsuz peyvənd günü elan ediləcək. Həmçinin regionlarda, xüsusən milli azlıqların yaşadıqları bölgələrdə maarifləndirici tədbirlər keçiriləcək, kimlərin daha böyük risk qrupuna daxil olduğu və peyvəndin vacibliyi barədə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə