Dünya ictimaiyyəti Camal Kaşıkçının qətlinə reaksiya verməyə başlayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard oktyabrın 23-dən 25-dək Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək “Future Investment Initiative” konfransında iştirak etməyəcək. Hələ bir neçə gün bundan əvvəl K.Laqard bildirmişdi ki, bu tədbirə getmək niyyətindədir. Lakin o, yekunda Ər-Riyada getməkdən imtina edib və bunun səbəbini açıqlamayıb. Bu barədə BVF rəhbəri “Twitterdə”ki səhifəsində bildirir.

Beynəlxalq siyasi və iqtisadi elitanın bir çox nümayəndələri - ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, Fransa və Niderlandın maliyyə nazirləri, həmçinin “BNP Paribas”, “Credit Suisse”, “HSBC”, “JPMorgan Chase” və “Societe Generale” banklarının rəhbərləri Laqardın bu hərəkətindən nümunə götürərək konfransda iştirakdan imtina ediblər.

İmtinaya “The Washington Post”un 59 yaşlı icmalçısı, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının qətli səbəb olub. Onun itməsi oktyabrın 3-də - Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş konsulluğuna Türkiyədə yaşayan nişanlısı ilə nikah bağlamaq barədə sənədləri rəsmiləşdirməyə gəldiyi günün ertəsi məlum olub.

Səudiyyə Ərəbistanının rəsmi şəxsləri təxminən bundan üç həftə sonra C.Kaşıkçının ölümünü təsdiqləyiblər. Jurnalist ilə “onun konsulluqda görüşdüyü şəxs” arasında “mübahisə” dalaşmaya gətirib çıxarıb və “Kaşıkçının ölümü ilə sona yetib”. Səudiyyənin dövlət agentlikləri ölkənin baş prokurorluğuna istinadən bu xəbəri şənbəyə keçən gecə, oktyabrın 20-də yayıblar. Bəyanatda, həmçinin bildirilir ki, Kaşıkçının qətli ilə bağlı krallığın 18 vətəndaşı həbs edilib.

Bir çoxları artıq Ər-Riyad konfransına getməkdən imtina etsə də, bəzi dəvət olunanlar hələ qəti cavab verməyiblər. Almaniyanın “Siemens” konserninin başçısı Co Kezer yaxın günlərdə qərar verəcəyini bildirib. O, mövqeyini belə izah edib: “Kaşıkçının itməsi ciddi insidentdir. Digər tərəfdən, əgər insanların itkin düşdüyü ölkələr ilə danışmasaq, biz evdə oturmalı olacağıq, çünki münasibət qurmağa daha heç kim qalmayacaq”.

Buna bənzər dilemma ilə təkcə biznesmenlər deyil, siyasətçilər də rastlaşırlar. “Biz Səudiyyə Ərəbistanını və onun kral ailəsini bizim lazım bildiyimiz kimi davranmağa məcbur edə bilmərik. Bunun əvəzində biz müəyyən problemlərin həlli ilə məşğul olmalıyıq”, - deyə Bundestaqda XDİ/XSS fraksiyasının xarici siyasət üzrə eksperti Yurgen Xardt “Deutschlandfunk” radiosunun efirində bəyan edib. Siyasətçilər mövqeləri və fəaliyyətləri ilə razı olmadıqları həmkarları ilə də dialoq aparmalıdırlar.

“Məsələn, Yəməndə səudiyyəlilər ölkə hökuməti tərəfindən çıxış edir və silahlı husit dəstələrinə qarşı beynəlxalq hüququ kobud şəkildə pozmaqla qızğın mübarizə aparırlar. Buna görə də Ər-Riyadın siyasəti son dərəcə birmənalı olmayan təəssürat yaradır”, - deyə Xardt bildirib.

Siyasətçi istisna etmir ki, Kaşıkçı işində yeni təfərrüatlar üzə çıxdıqdan sonra Avropa Səudiyyə Ərəbistanına münasibətdə öz kursunu təshih etməyə məcbur olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...