ABŞ Rusiya ilə nüvə müqaviləsindən çıxmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp növbəti şok doğurucu bəyanatla çıxış edib. O bildirib ki, ABŞ 1987-ci il dekabr ayında ABŞ və Sovet İttifaqı liderləri tərəfindən Vaşinqtonda imzalanmış Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmaq niyyətindədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın sərt xətt tərəfdarlarının fikrincə, bu müqavilə Vaşinqtonun Sakit okeanda Çin ilə strateji rəqabətində onun əl-qolunu bağlayır və Amerika silahlı qüvvələrinin Çinin orta mənzilli raketləri ilə tarazlıq yaratmasının qarşısını alır. Halbuki həmin raketlər Amerikanın Sakit okeandakı hərbi bazaları, ABŞ-ın müttəfiqləri və Sakit okeanda Amerika gəmiçiliyi üçün təhdid mənbəyinə çevrilə bilər.

Prezident Donald Tramp Respublikaçılar Partiyasının seçkiqabağı mitinqində iştirak etmək üçün Nevadada olarkən jurnalistlər qarşısında çıxışında deyib ki, Rusiya həmin müqavilənin müddəalarını pozduğu üçün ABŞ Prezidenti belə hərəkət etmək istəyir. Rusiyanı uzun illər boyu bu müqaviləni pozmaqda ittiham edən Tramp vurğulayıb ki, ABŞ “nüvə sazişinin pozulmasına və silah istehsal etməsinə” imkan vermək fikrində deyil.

Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Milli Təhlükəsizlik Şurasında silahlara nəzarət üzrə baş müşavir Tim Morrison da silahlara nəzarət üzrə daha bir iri komponentin – Rusiya ilə 2010-cu ildə imzalanmış yeni sazişin genişlənməsinin əleyhinədirlər. Həmin sazişə görə, hər iki ölkənin strateji döyüş başlıqlarının sayı 1550-dən çox olmamalıdır. 2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış həmin sazişin müddəti 2021-ci ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə