Səudiyyəli jurnalist öldürülüb, meyiti kimyəvi turşuda "həll" edilib! İDDİA

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub. SİA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə–Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.

Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.

Amerikanın “Washington Post” qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.

Türkiyənin "XəbərTürk" telekanalı isə xəbər verir ki, sözügedən kanal səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda yoxa çıxması barədəki versiyalardan birini əldə edə bilib. Qeyd olunur ki, hüquq-mühafizə xidmətlərinin apardığı təhqiqatın gedişində mütəxəssislər daha çox jurnalistin öldürülməsi versiyasına üstünlük verirlər. Bildirilir ki, bu təqdirdə, cinayətkarlar guya, izləri itiirmək məqsədilə, cinayət qurbanının meyitini kimyəvi turşuda "həll edə" bilərdilər.

Telekanalın məlumatına görə, əvvəlcə bu versiya polisə fantastik görünsə də sonradan əldə olunan yeni dəlillər bu ehtimalı təsdiqləyib.

Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçınının İstanbul konsulluğunun binasında sorğu-sual zamanı öldürüldüyünü rəsmən etiraf etməyə hazırlaşır. CNN kanalı bu barədə məlumat yayıb. Kanala adı çəkilməyən mənbələrdən bildirildiyinə görə, Ər Riyad Qaşıqçının həqiqətən elə konsulluğun binasındaca oğurlanmasının əvvəlcədən planlaşdırıldığını da qəbul edəcək. Həmin mənbələrdən biri bununla bağlı rəsmi açıqlamanın hazırlanma ərəfəsində olduğunu, bir neçə dəfə dəyişdirildiyini söyləyib. Digər qaynaq isə Səudiyyə rəsmilərinin əməliyyatın guya onlardan xəbərsiz hazırlandığı və orada iştirak edən hər kəsin cəzalandırılacağı barədə gurultulu bəyanat verəcəyini deyib.

Xatırladaq ki, şahzadə Məhəmməd İbn Salmana qarşı tənqidi fikirləri ilə tanınan Camal Qaşıqçıdan oktyabrın 2-dən, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu yerləşdiyi əraziyə girdikdən sonra xəbər-ətər alınmayıb. Jurnalistin Ər Riyaddan gələn xüsusi qrup tərəfindən işgəncə ilə öldürüldüyü və bədəninin hissə hissə doğranaraq ölkəsinə götürüldüyü güman olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə