İndoneziyada daşqınlar nəticəsində itkin düşən 17 uşaq xilas edilib

İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində suyun altında qalan 17 məktəblini xilas ediblər. SİA-nın məlumatına görə, bu barədə "The Jakarta Post" qəzeti yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Əvvəlcə İndoneziyanın qərbində daşqınlar nəticəsində 22 nəfərin həlak olması, onlarla sakinin xəsarət alması barədə məlumat yayılmışdı. Həlak olanlar arasında Şimali Sumatra əyalətinin Mandaylinqnatal dairəsinin Muara Saladi kəndində 11 şagirdin olduğu da bildirilmişdi. Daha 15 nəfərin isə itkin düşdüyü deyilirdi. Nəşrin bildirdiyinə görə, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi su altında qalan Muara Saladi kəndindəki ibtidai məktəbdə həlak olan şagirdlərin sayının 12 nəfərə çatması barədə məlumat yayıb. Onların hamısının 12 yaşdan aşağı olduğu bildirilir. Xilas edilən 17 şagirdlə birlikdə iki müəllimin də tapıldığı qeyd edilir. Şagirdlərdən 7-si müxtəlif dərəcəli xəsarət alıblar və onlara hazırda tibbi yardım göstərilir. Qərbi Sumatra və Şimali Sumatra əyalətlərində baş verən gözlənilməz daşqın və torpaq sürüşməsi çoxlu sayda insanın həlak olmasına səbəb olub. Burada oktyabrın 11-dən davam edən leysan yağışlar nəticəsində 48 ev dağılıb. Yollar pis vəziyyətdə olduğuna görə zərər çəkən rayonlarla əlaqə saxlamaq çətindir. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, onlarla insan palçığın altında qalıb, axtarışlar davam etsə də, həlak olanların sayının artacağı güman olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə