Tramp: “Biz indi Türkiyəyə tamamilə başqa cür yanaşırıq"

Amerikalı keşiş Endryu Bransonun azad olunmasından sonra Birləşmiş Ştatlar və Türkiyə əla münasibətlər qura bilərlər. TASS informasiya agentliyi xəbər verir ki, bunu şənbə günü Aş evdə Bransonla görüşdə ABŞ Prezidenti Donald Tramp söyləyib. “Biz indi Türkiyəyə tamamilə başqa cür yanaşırıq. Düşünürəm ki, bizim Türkiyəyə həqiqətən yaxın olmaq şansımız var”, - deyə ABŞ Prezidenti qeyd edib.

Donald Tramp görüşdəki çıxışında keşişin azad olunmasında göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Xatırladaq ki, oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu azadlığa buraxıb edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını götürüb. Keşiş elə həmin gün Türkiyəni tərk edib.

Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə