Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir

Bütün dünya üzrə 120 milyondan çox insan aclıq və ərzaq qıtlığından əziyyət çəkir. Afrika ölkələri bu siyahının ilk sıralarında yer alır. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun “Welthungerhilfe” və “Concern Worldwide” qeyri-hökumət təşkilatları ilə birgə dərc etdiyi illik “Ümumi aclıq meyarı” barədə məruzədə öz əksini tapıb.

Məruzəyə əsasən, hazırda 124 min insan aclıqdan əziyyət çəkir, halbuki iki il öncə bu göstərici 80 milyon nəfər idi. Çad, Haiti, Madaqaskar, Serra-Leone, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə doğurur. Aclıq çəkən əhali ilə bağlı ən gərgin vəziyyət Mərkəzi Afrika Respublikasında qeydə alınıb.

Qeyd edək ki, mart ayında BMT Yəmən, Cənubi Sudan, Somali və Keniyada yaranan vəziyyətin təşkilatın qurulduğu 1945-ci ildən bəri ən böyük humanitar böhrana səbəb olduğunu bildirib. BMT dünya ictimaiyyətinin biganəliyinin insanların aclıq və xəstəliklərdən həlak olması, həmçinin miqrasiyanın artması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə