ABŞ iqtisadiyyatına 50 milyard dollar ziyan dəyib

“Florens” qasırğası ABŞ iqtisadiyyatına 38-50 milyard dollar ziyan vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu hesablama “Moody's Analytics” analitik agentlik tərəfindən aparılıb.

Məlumata görə, burada söhbət qasırğanın daşınmaz əmlak və nəqliyyat vasitələrinə vurduğu ziyandan gedir. Sözügedən rəqəmlərə yerli müəssisələrə dəyən ziyan da daxildir. Qasırğadan sonra sığorta şirkətlərinin ümumi ödənişləri 1,7-5 milyard dollar civarında təşkil edib. Beləliklə, “Florens”ABŞ-ın tarixində ən dəhşətli qasırğalar siyahısında yeddinci sayıla bilər.

ABŞ-da ən böyük ziyana səbəb olan “Harvi” qasırğası 2017-ci ilin avqust ayında Texasda baş verib və qasırğa ölkəyə 133.5 milyard dollar ziyan vurub. Ondan sonra ziyan həcminə görə, “Mary” (120 milyard dollar), və “İrma” (84.8 milyard dollar) qasırğaları yer alır.

Sentyabrın 14-də baş verən "Florens" qasırğası ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarının mərkəzində baş verib. Nəticədə hər iki ştatda və qonşu Virginiya ərazisi su altında qalıb. Son məlumatlara görə, 41 nəfər hadisə qurbanı olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə