İndoneziyada zəlzələ - 10 nəfər həlak olub

İndoneziyanın Lombok adasında avqustun 19-da baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 10 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb. SİA xəbər verir ki, bu barədə avqustun 20-də İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin rəsmisi Sutopo Naqruho məlumat verib.

S.Naqruhonun agentliyin “Facebook” səhifəsində yer alan bəyanatında deyilir: “On nəfər həlak olub, 24 nəfər xəsarət alıb, 151 ev isə dağılıb. Bu, ilkin məlumatlardır. Həlak olanların bir qismi Lombok adası ilə qonşu olan Sumbava adasında yaşayırdılar”. S.Naqruhonun qənaətinə görə, yerli əhali avqustun əvvəllərində baş verən zəlzələ səbəbindən təxliyə olunduğuna görə həlak olanların sayı azdır.

Xatırladaq ki, avqustun 19-da axşam saatlarında Lombok adasının şərqində 6,9 bal gücündə zəlzələ baş verib. Həmin gün bir qədər əvvəl bu regionda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ nəticəsində iki nəfər həlak olub, bir nəfər xəsarət alıb, 1700 bina dağılıb.

İyulun sonları, avqustun əvvəllərində Lombok adasında baş verən silsilə zəlzələlər nəticəsində isə 500-ə yaxın insan həlak olub, minlərlə xəsarət alan var. Yüz minlərlə sakin evlərini tərk edərək müvəqqəti yaşayış yerlərinə sığınıblar. İlkin məlumatlara görə, ölkəyə 348 milyon dollar dəyərində iqtisadi zərər dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə