Malayziya polisi Mərkəzi Kəşfiyyat İdarəsinə göndərilən məxfi məktubla bağlı araşdırma aparır

Malayziyanın hüquq-mühafizə orqanları ölkənin ABŞ-dakı səfirliyinin bir neçə əməkdaşını parlament seçkiləri ərəfəsində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) ünvanlanmış məktubun ictimailəşməsi ilə əlaqədar dindirəcək.

AZƏRTAC xəbər verir ki, avqustun 14-də bu barədə Milli Polis İdarəsinin rəisi Mohamməd Fuzi Harun bəyanatla çıxış edib. “Biz dindirilmə üçün əməkdaşların geri dönməsini gözləyirik. Bu işlə əlaqədar Malayziyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri xanım Hasana Həmid də dindirilib”, -deyə M.F.Harun bildirib. Onun sözlərinə görə, təhqiqat əsasən məktubun mətni barədə informasiyanın sızması ilə əlaqədar aparılır.

Ölkə mətbuatı ötən ay Hasana Həmidin MKİ-nin direktoru Cin Haspelə parlament seçkiləri zamanı həmin vaxt Baş nazir olan Nacib Razakın namizədliyinin dəstəklənməsinin xahiş edildiyi məktubunun mətnini yayıb. Məktubda N.Razakın əsas rəqibi olan indiki Baş nazir M.Məhəmməd “avtokrat siyasətçi” və “qərb əleyhinə baxışların müdafiəçisi” kimi təqdim olunur. Öz hərəkətinə bəraət qazandırmağa çalışan H.Həmid bunu milli maraqları qorumaq məqsədilə etdiyini bildirərək, ona qarşı irəli sürülən dövlətə xəyanətdə ittihamı rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə