Malayziya axtarışda olan milyarderin təyyarəsini müsadirə edəcək

Malayziya hökuməti ABŞ tərəfinin sorğusu əsasında Sinqapurda saxlanan, milyarder Lou Tek Coya məxsus biznes-təyyarəni müsadirə etməyi planlaşdırır. AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, 1MDB Dövlət İnvestisiya Fonduna məxsus vəsaitin mənimsənilməsində şübhəli bilinən və daha çox Co Lou adı ilə tanınan milyarder hazırda həbsdə olan Malayziyanın sabiq baş naziri Nacib Razakın yaxın adamlarından hesab edilir.

Co Louya məxsus “Bombardier 5000 Global” təyyarəsi Sinqapurun hakimiyyət orqanları tərəfindən cari ilin fevralında 1MDB Fondunda mənimsəmələri araşdıran ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBR) sorğusuna əsasən saxlanılıb. Qəzetin yazdığına görə, fonddan oğurlanan vəsaitlərin böyük bir hissəsi ABŞ-da müxtəlif şəxslər və hesablar vasitəsilə yuyulub.

Bundan əlavə, Co Louya məxsus 250 milyon dollar dəyərində yaxta da Malayziya hökuməti tərəfindən müsadirə olunub.

Milliyyətcə çinli olan Co Lou Malayziya vətəndaşı olsa da həmin ölkəyə gec-gec gəlir. Əvvəllər o, əsasən ABŞ-da yaşayıb, Nyu-York, Los-Anceles şəhərlərinin, o cümlədən Sinqapur və Honkonqun elit dairələrində məşhurluğu ilə seçilib. Təhqiqatın qənaətinə görə, Nacib Razakın yaxın dostu olan Co Lou fonddan oğurlanan vəsaitlərin yuyulması üçün maliyyə əməliyyatlarının əsas müəllifi olub.

Hazırda Co Lou beynəlxalq axtarışdadır. Onun Honkonqda olduğu güman edilir. C.Lounun Malayziya ilə Çin arasında böyük infrastruktur layihələrinin imzalanmasında da əsas rol oynadığı barədə fikirlər var. Malayziyanın yeni hökuməti həmin layihələrdən imtina etmək niyyətindədir. Qəzetin yazdığına görə bu barədə Malayziyanın Baş naziri Mhathir Məhəmməd avqustun 13-də jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə