Ankaraya qarşı yeni sanksiyalar tətbiq oluna bilər

Türkiyə ilə Amerika razılığa gələ bilmədi

Tramp Administrasiyası rahib Bransonu azadlığa buraxmaqdan imtina edən rəsmi Ankaraya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu “Wall Street Journal” nəşri məlumat yayıb.

Dion Nissenbaumun müəllifi olduğu yazıda qeyd olunur ki, Türkiyədən gələn heyətlə görüşən amerikalı rəsmilər iki ildir terror ittihamı ilə həbs olunan və bir qədər öncə ev həbsinə məhkum olunan amerikalı rahib Endryu Bransonun dərhal azad olunacağına dair zəmanət ala bilməyib. Bu vəziyyət isə iki ölkə arasında böhranı dərinləşdirərkən, eyni zamanda Tramp Administrasiyanın yeni sanksiyalar tətbiq etməsi üçün zəmin yaradıb.

Rəsmilər Vaşinqtonda baş tutan görüşlərin Türkiyə iqtisadiyyatını çətin vəziyyətə salan duruma bir çarə olmayacağını xatırladıb.

Qəzetə danışan amerikalı rəsmilər rahib Bransonun ötən ay baş tutan məhkəmə prosesində azadlığa çıxacağına dair razılığa gəldiklərini və bunun baş tutmadığını gördükləri zaman çox təəccübləndiklərini bildiriblər. Bir həftə davam edən ağır müzakirələrdən sonra Bransonun iyulun sonunda ABŞ-a geri göndərilməsinə dair razılıq əldə olunub. Lakin rahib Branson bunun əvəzinə İzmirdə ev dustaqlığına məhkum edilib.

Bunun ardından isə rəsmi Ankaranın Vaşinqtona geniş bir heyət göndərməsi qarşı tərəfdə yenə Bransonun dərhal sərbəst qalacağına dair ümidləri yüksəldib. Xarici işlər nazirinin müşaviri Sedat Önal ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində görüşlər keçirib. Lakin türkiyəli rəsmilər Bransona görə bir zəmanət verməyiblər.

Rəsmilərə görə bu vəziyyət Tramp Administrasiyasının başqa türk siyasətçilərinə də qarşı sanksiya tətbiq etməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib. Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib.

“Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir” — deyə Türkiyə tərəfi bəyan edib.

Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.

Onu da bildirək ki, ABŞ Senatında “F-35” beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı “F-35” sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın “F-35” məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...