Kabil aeroportunda partlayış olub: 16 nəfər ölüb (YENİLƏNİB)

Kabil aeroportu yaxınlığında intiharçı-terrorçunun törətdiyi partlayış nəticəsində 16 nəfər ölüb, 60 nəfər yaralanıb. “TOLOnews” telekanalının Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə ölkəyə qayıtmış Birinci vitse-prezident Əbdül Rəşid Dostumun aeroportu tərk etməsindən sonra törədilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaralananların əksəriyyəti polis əməkdaşlarıdır. Terrorçu birləşmələrin heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Təqib edilən Əbdül Rəşid Dostum 14 ay Türkiyədə qalıb. Çarter reyslə gələn siyasətçinin olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroporta gəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə