Respublikaçılar Putinə görə Trampı "topa tutdular"

ABŞ Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələri Prezident Trampın Prezident Putin ilə görüşü zamanı Birləşmiş Ştatların və ABŞ xüsusi xidmətlərinin ünvanına Tramp tərəfindən deyilmiş sözlərdən narazı olduqlarını bildiriblər.

Məlum olduğu kimi, Amerikanın 17 xüsusi xidmət orqanı ciddi təhqiqat aparandan sonra onlar bu nəticəyə gəliblər ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə edib. Prezident Tramp Helsinkidə birgə mətbuat konfransında Amerika xüsusi xidmətlərinin həmin rəyi və Rusiyanın ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etməsi ehtimalı barədə suala cavab olaraq həmin xüsusi xidmətlərin rəylərini inkar edib və Prezident Putinə daha çox inandığını bildirib. ABŞ ilə Rusiya arasında münasibətlərin pisləşməsinə görə ABŞ-ı günahlandıran Tramp öz tvitter səhifəsində yazıb: “Rusiya ilə bizim münasibətlərimiz heç vaxt indikindən pis olmayıb. Bu, illərboyu ABŞ-ın səfehliyinin və kütbeyinliyinin, bugünkü ifritələr ovunun nəticəsidir”.

Arizona ştatından senator Con Makkeyn öz bəyanatında mətbuat konfransını “Amerika Prezidentinin tarixdə ən biabırçı çıxışlarından biri” adlandırıb. O, həmçinin qeyd edib ki, Prezident Trampın “avamlığı, xudbinliyi, saxta ekvivalentliyi nəticəsində vurulmuş zərəri” hesablamaq çətindir.

Respublikaçılar Partiyasından olan digər senator Ceff Fleyk ABŞ Prezidentini kəskin tənqid edərək, Amerika Prezidentinin Rusiya Prezidenti ilə eyni səhnədə çıxış edərək ABŞ-ı günahlandıracağını heç vaxt təsəvvür etmədiyini bildirib.

Respublikaçılar Partiyasından olan digər qanunvericilər, o cümlədən Nümayəndələr Palatasının spikeri Pol Rayan, Senatın xarici işlər komitəsinin sədri, senator Bob Korker, Nümayəndələr Palatasının xarici işlər komitəsinin üzvü Ed Roys, Nümayəndələr Palatasının nəzarət və hakimiyyət islahatı komitəsinin üzvü Trey Qaudi, senator Liza Murkovski, Senatın kəşfiyyat məsələləri komitəsinin üzvü, senator Rixard Berr və ABŞ Prezidentliyinə sabiq namizəd, senator Marko Rubio da Trampın ünvanına mənfi bəyanatlarla çıxış ediblər.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə