İsveç hökuməti neonasist və irqçi təşkilatları qadağan edəcək

İsveç hökuməti krallığın ərazisində neonasist və irqçi təşkilatların fəaliyyətini qadağan etmək niyyətindədir. AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, “Şimal müqavimət hərəkatı” adlanan neonasist qrup ikinci ildir ki, Qotland adasında ölkənin “Almedalen” adlı siyasi elitasının illik ənənəvi qurultayında təhdid və təxribat məzmunlu bəyanatlarla çıxış edir.

Yaranmış vəziyyətdən hiddətlənmiş parlament partiyaları demokratiyanın milliyyətçi və irqçi təşkilatlardan qorunması üçün müxtəlif təkliflər irəli sürüblər. İsveç hökuməti Konstitusiyada təsbit edilmiş ifadə azadlığını pozmadan bu təşkilatların qarşısını almaq məqsədilə optimal yol tapıb. Onun nöqteyi-nəzərinə görə, ölkənin Əsas Qanununun dövlətə etnik, irqçi və digər səbəblərdən təqibə yol verən təşkilatların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı verdiyi hüquqdan istifadə etmək ən yaxşı üsuldur.

Krallığın ədliyyə naziri Morqan Yohansson jurnalistlərə müsahibəsində bəyan edib ki, belə olan təqdirdə neonasist və irqçi qrupların qanunla qadağan edilməsi Konstitusiyaya uyğun olacaq.

Qeyd edək ki, “Şimal müqavimət hərəkatı” inqilab yolu ilə İsveç, Finlandiya, Norveç, Danimarka və İslandiyadan ibarət Şimali Avropa Nasional-Sosialist Respublikası yaradılması məqsədini qarşısına qoyan təşkilat və siyasi partiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə