Baş nazir və qızı həbs edildi FOTOLAR

Pakistanın keçmiş baş naziri Navaz Şərif və qızı Məryəm barəsində həbs qərarı verildiyi üçün, onlar İngiltərədən geri dönən təyyarədən enən kimi tutulublar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir haqqında həbs qərarı çıxarıldıqdan sonra ölkəsinə geri dönərək təslim olub. Müalicədə olan həyat yoldaşını ziyarət etmək üçün getdiyi Londondan bu səhər geri dönən Şərif, Əbu-Dabiyə, oradan da Lahor şəhərinə gəlib.

Şərifin “Pakistana geri dönüb həbsə gedəcəm” açıqlamasından sonra partiyası olan Müsəlman Liqası - Navaz (PML-N) keçmiş liderlərini qarşılamaq üçün ölkə daxilindəki tərəfdarlarına səslənib, ancaq Şərif oraya toplaşan tərəfdarlarına salam belə verə bilmədən həbs olunub. Şərif və qızı təyyarəyə minən zaman Federal Təhqiqat Bürosu (FIA) tərəfindən pasportları alınıb və onlar hava limanındakı xüsusi təyyarəyə mindiriliblər. Onlar gəldikdən sonra həbs cəzalarının icra ediləcəyi Adiala həbsxanasına getmək üçün paytaxt İslamabada aparılıb.

Etiraz aksiyası və qarşılanma mərasiminin keçiriləcəyi Lahor şəhəri isə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Aksiya zamanı şiddətin yaşanmaması və insanların təhlükəsizliyi üçün minlərlə polis oraya göndərilib. Eyni zamanda, şəhərdəki bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şərif gəlmədən öncə PML-N-ə qarşı keçirilən əməliyyat nəticəsində 378 nəfər tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə