Pakistanda terror 132 ölü, 230 yaralı

Ötən gün Pakistanın Bəlucistan və Şimal Vəziristan bölgələrində parlament seçkiləri qabağı keçirilən iki mitinqdə törədilən partlayışlar nəticəsində 132 nəfər ölüb, 230-dan çox insan yaralanıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi dairələr açıqlama yayıb.

Rəsmi mənbələrin verdiyi məlumata görə, Bəlucistan bölgəsinin Mastung şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.

Elektron poçtla açıqlama verən İŞİD terror təşkilatı bu partlayışın məsuliyyətini üzərinə götürüb.

Verilən məlumata görə, ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partiyasının sədri, deputatlığa namizəd Navabzada Siraj Raisani də var. O, Bəlucistan əyalətinin keçmiş başçısı Navab Aslam Raisanin qardaşıdır. Raisani 2011-ci ildə terror hücumu nəticəsində 14 yaşlı oğlunu itirib.

Bu hücum 2014-cü ildə hərbi məktəbə edilən hücumdan sonra ən qanlı terror sayılır.

Digər partlayış isə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində törədilib. Partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.

Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə