Roma Papasının Litvaya səfəri 2 milyon avroya başa gələcək

Roma Papası Fransiskin Litvaya səfəri 1,75 milyon avroya başa gələ bilər. Bu barədə Sputnik Litva agentliyi məlumat yayıb. RİA Novosti agentliyinin məlumatında deyilir ki, Litva hökumətində 2018-ci ildə Roma Papasının səfəri ilə əlaqədar əvvəlcədən nəzərdə tutulmayan xərclərin kompensasiya edilməsinin zəruriliyi barədə qərar qəbul edilib. Bu funksiya Litvanın dövlət idarələrinin üzərinə düşür.

Nazirlər Kabinetinin məlumatında deyilir: “Hökumət Roma Papasının Litvaya səfərinin təşkilində Xarici İşlər Nazirliyinin və hökumət dəftərxanasının üzərinə öhdəlik qoyur. Xarici İşlər Nazirliyi büdcə vəsaitlərindən istifadə edilməsi barədə müqavilə hazırlayacaq”.

Litvanın Xarici İşlər Nazirliyinə 1,2 milyon avro, Daxili İşlər Nazirliyinə 248 min avro, Vilnüs özünüidarəetmə orqanına 109 minədək, Kaunas şəhər özünüidarəetmə orqanına 163 minədək, Səhiyyə Nazirliyinə isə təxminən 28 min avro ayrılacağı planlaşdırılır.

Nazirlər Kabinetinin məlumatında, həmçinin qeyd olunub ki, xərclərin məbləği ilkin xarakter daşıyır və ona Maliyyə Nazirliyinin təqdim edəcəyi smetadan sonra yenidən baxılacaq.

Roma Papası Litva Prezidenti Dalya Qribauskaytenin və katolik kilsəsinin dəvətinə əsasən sentyabrın 22-23-də bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində Roma Papasının Litva ictimaiyyəti, gənclər, fiziki imkanları məhdud insanlar, deportasiya edilmiş insanlar, siyasi dustaqlar, habelə yəhudi xalqının nümayəndələri ilə görüşlərinin təşkili planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə