Şanlıurfadakı silahlı hücuma görə 19 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücumun təşkilində və bu cinayətdə iştirakda şübhəli bilinən 19 nəfər həbs olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Şanlıurfa Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatında qeyd olunub ki, hadisə ilə əlaqədar Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Birlik Partiyası (DBP) təmsilçilərindən 23 nəfərin həbsinə qərar verilib. Həbs olunanlardan biri HDP-dən olan deputatlığa namizəd İsmail Kaplandır.

Qeyd edək ki, iyunun 14-də törədilən silahlı hücum nəticəsində deputat İbrahim Halil Yıldızın qardaşı da daxil olmaqla 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər cinayət zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə