Donald Tramp neftin qiymətindən narazıdır

Neftin qiyməti çox yüksəkdir. Bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Neftin qiyməti çox yüksəkdir. OPEC yenə öz işini görür. Yaxşı deyil!”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 75,81 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 66 dollara alıcı axtarır.

Neft bazarında bütün diqqət iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasına yönəlib. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...