Avropa Komissiyası miqrasiya siyasətinə görə 35 milyard avro ayırmağı təklif edib

Avropa Komissiyası Avropa İttifaqının 2021-2027-ci illər üçün nəzərdə tutulmuş uzun vədəli büdcəsindən ümumi miqrasiya və sərhəd siyasətinin həyata keçirilməsinə 35 milyard avro ayırmaq təklifi irəli sürüb.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir. “Avropa Komissiyası ümumi miqrasiya və sərhəd siyasətinin həyata keçirilməsinə 35 milyard avro ayırmağı təklif edib. Bu, hazırda qüvvədə olan 7 illik maliyyə planı çərçivəsində həmin məqsədlər üçün ayrılan vəsaitin həcmindən üç dəfə çoxdur”, - deyə mənbə bildirib.

Avropa Komissiyası may ayında Avropa İttifaqının 2021-2027-ci illər üçün nəzərdə tutulmuş uzun vədəli büdcəsinin layihəsini təklif edib. Hazırkı qiymətlərlə büdcə xərclərinin ümumi həcmi 1,246 trilyon avro səviyyəsində nəzərdə tutulub. Büdcə barədə təklif bundan sonra Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən təsdiq olunmalıdır.

Qeyd edək ki, Avropa II Dünya müharibəsindən bəri ən ciddi miqrasiya böhranı ilə üzləşib. Buna, ilk növbədə, Afrika və Yaxın Şərq ölkələrində baş verən silahlı münaqişələr və iqtisadi problemlər səbəb olub. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2017-ci ildə dəniz yolu ilə Avropaya 171 min qanunsuz mühacir gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...