Türkiyə Vaşinqton və Təl-Əvivdə olan səfirlərini ölkəsinə çağırdı

“Türkiyə İsraildə, Qəzza zolağında baş verən hadisə ilə bağlı Vaşinqtonda və Təl-Əvivdə olan səfirlərini məsləhətləşmək üçün ölkəyə çağırıb. Hadisədə 50 nəfərdən çox fələstinli dünyasını dəyişib. Bu gündən Türkiyədə 3 günlük matəm elan edirik”. SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfəri zamanı deyib

R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə buna ciddi reaksiya verəcək: “Mən İsraili terror dövləti, onların fələstinlilərə qarşı olan hərəkətini isə soyqırımı adlandırıram.”

Xatırladaq ki, bazar ertəsi İsrailin yaranmasının 70 illiyi ilə bağlı ABŞ rəsmi olaraq Təl-Əvivdə olan səfirliyini Qüdsə köçürüb. Bu isə fələstinlilərin etirazına səbəb olub. Qəzza zolağında İsrail əsgərləri ilə baş verən toqquşmalar nəticəsində 59 fələstinli həyatını itirib.

Fələstinli həkimlərin verdiyi məlumata görə, toqquşmada həmçinin 2700 nəfərdən çox insan ağır xəsarət alıb.

Hadisə ilə bağlı Fələstində də 3 gün matəm elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...