Fransa: "Avropa Birliyi Gürcüstanla vizasız rejimi dayandıra bilər"

Əgər Avropa Birliyində sığınacaq axtaranların sayında artım müşahidə olunsa, Avropa Birliyi Gürcüstanla vizasız rejimi dayandıra bilər. Bunu “İmedi” televiziyasına müsahibəsində Fransanın Gürcüstandakı səfiri Paskal Monye söyləyib.

“Fransadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayında artım müşahidə edilir. Onlar Fransada qalma müddətini tez-tez pozurlar. Gürcüstan vətəndaşlarını Fransa və Almaniyada iki il ərzində qeyri-qanuni qalmaqla siyasi sığınacaq alacaqları ilə bağlı onlara edilən təkliflərə inanmamağa səsləyirəm. Belə şey olmayacaq. Bu cür hallar bütün Gürcüstan üçün pis nəticələnə bilər. Belə ki, vizasız rejimin dayandırılması ilə bağlı mexanizm işə düşər”, – deyə o bildirib.

Qeyd edək ki, yanvarda 13 Gürcüstan vətəndaşına AB-də sığınacaq verilib. 1300 nəfərə isə sığınacaq verilməsindən imtina edilib. Hazırda 5400 nəfərin sığınacaqla müraciətinə baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə