Almaniyada yeni hökumət barədə koalisiya sazişi imzalanıb

Almaniya kansleri və Xristian-demokratik ittifaqının (XDİ) sədri Angela Merkel, Xristian-sosial ittifaqının (XSİ) sədri Horst Zeehofer və Almaniya sosial-demokratik partiyasının (ASDP) həmsədri vəzifəsini icra edən Olaf Şolts ölkənin yeni hökumətinin qurulması üzrə koalisiya sazişini imzalayıblar. Bild qəzetinin onlayn-portalında yayılan məlumata görə, Almaniyanın yeni federal kansleri postuna seçkilər martın 14-də keçiriləcək. Angela Merkel seçkilərdə qələbə qazanacağı təqdirdə 2005-ci ildən bəri dördüncü dəfə bu postu tutmuş olacaq.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Almaniyada ilk dəfədir ki, hakim koalisiyanı formalaşdırmaq bu qədər uzun çəkib. Bundestaqa seçkilər 2017-ci il sentyabrın 24-də keçirilsə də, sağ-mərkəzçi blok, sağ liberallar və “yaşıllar” arasında uzun sürən koalisiya danışıqlarının iflasa uğraması səbəbindən hökumətin yeni tərkibini 5 ay ərzində formalaşdırmaq mümkün olmayıb. Nəhayət, sosial-demokratlar və mühafizəkarlar bir sıra məsələlərdə əsas fikir ayrılıqlarını aradan qaldıraraq “böyük koalisiyanın” formalaşdırılması barədə sazişə nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə