Stokholmda terror törədən şəxs: "Peşman deyiləm"

İsveçdə terror aktı törətməkdə şübhəli bilinən 40 yaşlı Özbəkistan vətəndaşının məhkəmə prosesi davam edir. İsveç radiosu xəbər verir ki, əleyhinə terrorizm və terror aktı törətmək cəhdi, habelə yük maşınını qaçırması və Stokholmun mərkəzi küçəsində piyadaların üzərinə sürməsi ittihamı irəli sürülmüş Rahmat Akilov məhkəmə iclası prosesində vəkillər tərəfindən dindirilib.

Vəkil Mari Şaud şübhəliyə törətdiyi əməldən ötən 10 ay müddətdə hələ də özünü haqlı hesab etdiyi ilə bağlı sual verib. Rahmat Akilovun cavabı qısa olub. “Bəli”. Akilov onun üçün ayrılmış tərcüməçinin köməyi ilə bildirib ki, “İslam dövləti” terror təşkilatı üzvlərinin itkilərinin qisasını almaq və bu təşkilatla qlobal mübarizədə fəal iştirakına görə İsveçi cəzalandırmaq istəyib.

Qeyd edək ki, ittiham tərəfi Rahmat Akilova ömürlük azadlıqdan məhrum edilməsi cəzası verilməsini tələb edir.

Xatırladaq ki, 2017-ci ilin aprelində Akilovun qaçırdığı yük maşını Stokholmun mərkəzindəki Drottninggatan-da küçəsində piyadalar üçün nəzərdə tutulmuş əsas keçidə çıxaraq 600 metrdə böyük sürətlə beş nəfəri ölümcül əzib və ticarət mərkəzinin binasına girib. Sonradan mütəxəssislər yük maşınında partlayıcı maddələr aşkar ediblər. Terror aktı törədən şəxs cinayət yerindən qaça bilsə də, bir neçə saat sonra fotorobot vasitəsilə yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə