Şavkat Mirziyoyev avtobusun yanması ilə bağlı xüsusi komissiya yaradıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı xüsusi hökumət komissiyası yaradıb.

AZƏRTAC xəbər verir ki, artıq Özbəkistan Müdafiə Nazirliyinin təyyarəsi Qazaxıstanda avtobus qəzasında həlak olanların nəşini gətirmək üçün Aktubeyə uçub. Təyyarədə Hökumət Komissiyasının üzvləri, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkimlər, Xarici İşlər Nazirliyinin əməkdaşları var. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hadisə ilə bağlı Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib.

Xatırladaq ki, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib. Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə