ABŞ-da qəddarlığın pik nöqtəsi AİLƏ DRAMI

Kaliforniyada valideynləri tərəfindən çarpayıya zəncirlənmiş 13 uşaq aşkarlanıb

Kaliforniya polisi Allen və Luiz Anna Turpin ailə cütlüyünün evində çarpayıya bağlanmış 13 uşaq aşkarlayıb. Interfax informasiya agentliyi xəbər verir ki, onların hamısı Turpin ailəsinin 2 yaşından 29 yaşına qədər olan övladlarıdır.

Qaçmağa müvəffəq olan 17 yaşlı qızın xilasetmə xidmətinə zəngindən sonra polis informasiyanı yoxlamaq məqsədi ilə həmin evə gəlib və uşaqları zəncirlə çarpayıya bağlanmış vəziyyətdə görüb.

Valideynlər övladlarını nəyə görə bu vəziyyətdə saxladıqlarını izah edə bilməyiblər. Onlar işgəncə və azyaşlı uşaqları təhlükə altında qoymaq ittihamı ilə həbs olunub. Qəddar ər-arvadın cümə axşamı günü məhkəmə qarşısına çıxacağı gözlənilir.

Uşaqlar ac-susuz və çox çirkli vəziyyətdə olublar. Polislər zərərçəkənlərin onları görən kimi qida və su istədiklərini bildiriblər. Uşaqların hamısı xəstəxanaya aparılıb.

Allen Turpin şəxsi məktəbin direktoru olub. “The Daily Mail” qəzetinin məlumatına əsasən 2011-ci ildə ailə iflasa uğrayıb və onların borcu 500 min dollara çatıb. Bununla yanaşı, ailə başçısı müdafiə müəssisəsi ilə müqavilə əsasında ildə 140 min dollar pul qazanıb. Turpinlərin iflas məsələləri ilə məşğul olan vəkil uşaqları heç vaxt görmədiyini və valideynlərinin onların barəsində həmişə sevgi ilə danışdıqlarını deyib.

Qonşular isə cütlüyü nadir hallarda gördüklərini və onların uşaqları haqda heç nə bilmədiklərini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə