Nyu-Yorkda bombanı işə salmış cinayətkar yaxalanıb

Xəbər verdiyimiz kimi, dekabrın 11-də səhər saatlarında Manhettendə partlayış baş verib. Məlum olub ki, partlayış əldəqayırma partlayıcı qurğunu özünə sarımış Banqladeş vətəndaşı onu Nyu-Yorkun mərkəzində, liman idarəsinin yaxınlığında vaxtından əvvəl işə saldığı üçün baş verib. “New York Post” qəzetinin yazdığına görə, Bruklində yaşayan 27 yaşlı cinayətkarda 12 santimetrlik əldəqayırma bombaya birləşdirilmiş naqillər və batareya yeri aşkar edilib.

AZƏRTAC xəbər verir ki, cinayətkarın gödəkcəsinin sağ cibində yerləşən bomba səhər saat 7:40-da A, C və E qatarları üçün stansiyanın bölmələri arasında keçiddə yarımçıq işə düşüb. Polis cinayətkarı həbs edib. Bildirilib ki, cinayətkarın özü və azı bir nəfər yoldan keçən yaralanıb. Yaralı şəxs Belvyu xəstəxanasına çatdırılıb. Hüquq mühafizə orqanlarından bildiriblər ki, banqladeşli partlayıcı qurğunu işlədiyi elektrik şirkətində hazırlayıb. Nyu-Yorkun meri Bill de Blazio hadisə barədə məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə